Bir neçə müddət bundan öncə Creator adlı YouTube kanalında təqdim olunmuş video vacib bir xəbəri çatdırıb. Həmin xəbər YouTube servisində viodeo yerləşdirən müəlliflər üçün yaxşı, adi izləyicilər üçün isə pisdir. Belə ki, YouTube videolarındakı reklamları ötürmək özəlliyi aradan qaldırılacaq. Əvvəllər ötürülə bilinməyən reklam çarxlarını öz videolarına yalnız YouTube Partners kampaniyasının seçilmiş iştirakçıları əlavə edə bilirdilər. İndi isə bu yeni özəllikdən bütün kanalların müəllifləri istifadə edə biləcəklər.

Bu isə öz növbəsində servisin gəlirini artıracaq və kontentin yaradılması üzərindən yüksək gəlirin əldə olunmasına şərait yaradacaq. Hal-hazırda bir çox reklam çarxlarını 5 saniyədən sonra ötürmək olar. Lakin servisin yeni qaydalarına əsasən bu zaman intervalı 15 saniyəyə yüksələcək. Avropa, Yaxın Şərq, Afrika, Hindistan, Malayziya və Sinqapur üçün isə ümumiyyətlə 20 saniyəlik bir zaman intervalı təyin olunacaq. Ötürülə bilinməyən reklamlar hansısa YouTube kanalının müəllifinin ayarlardan nəsə dəyişiklik edib-etməməsindən asılı olmayaraq avtomatik olaraq işə düşəcək.

Lakin kanalların müəllifləri bu yeni özəllikdən imtina edə bilərlər. Bunun üçün onlar servisin ayarlarına daxil olub müvafiq dəyişikliyi etməli olacaqlar. Yeni sistem Google şirkətinin reklam biznesinin gəlirlərini artıracaq. Həmçinin şirkət kanalların müəlliflərinin gəlirlərini də artırmağa yardımçı olacaq. Buna baxmayaraq bir çox istifadəçilər bu yeni özəllikdən heç də razı deyillər. Onların fikrincə bu cür addım kanallardakı videoların baxış sayını aşağı salacaq. Belə ki, bir çox insan 5 saniyədən çox zaman intervalına sahib olan reklam çarxlarını izləmək niyyətində deyil.